OYNAYAQ
Demə ki, uduzmusan,
Demə yolu səhv saldın.
Demə, sən bu oyundan,
Gedib kənarda qaldın.
Gəl təzədən oynayaq,
Görək kim yaxşı sevir.
Kimin qəlbində nə var,
Heç kim, heç kimə demir.
Kimin qəlbi açıqdı,
Kimin ürəyi təmiz.
Oynayıb sonda görək
Kimdi kimə ən əziz.
Bu sən, bu mən, gəl gedək
Sevmək oyunu oynayaq.
Əldə möhkəm saxlayıb,
Gözdən uzaq qoymayaq.
*****
TƏBRİZ KEÇİR ÜRƏYİMDƏN
Asta tərpən, asta yeri,
Təbriz keçir ürəyimdən.
Sevindirin göyü, yeri –
Təbriz keçir ürəyimdən.
Xəyal uzun, sükut dərin,
Hamıya xoş müjdə verin,
Ayaq altda xalı sərin,
Təbriz keçir ürəyimdən.
Qəlbim Xudafərin yolu,
Arzularla əli dolu,
Oğuz yurdu, Turan eli,
Təbriz keçir ürəyimdən.
Ötdü zaman, keçdi dövr,
Ərdəbildən salam deyir,
Gəncə, Bakı yol gözləyir,
Təbriz keçir ürəyimdən.
Nə danışın, nə də dinin,
Xəyallardan düşün, enin.
Xoş günüdür ayın, ilin
Təbriz keçir ürəyimdən.
Bu həsrət, ayrılıq bitsin,
Arzular murada yetsin.
Qapıları açın keçsin,
Təbriz keçir ürəyimdən.
EV TİKDİN
Ömrümə lağım atdın
Qazdın, mənə ev tikdin.
Nə axtardın, nə tapdın?
Yozdun, mənə ev tikdin.
İnandım şirin dilə,
Üzümə gülə-gülə,
Ömrümü pillə-pillə,
Düzdün, mənə ev tikdin.
Keçirdik qarlı qışı,
İslatdı yaz yağışı.
Alnımdakı qırışı
Pozdun mənə ev tikdin.
Nə söz oldu, nə söhbət,
Bitdi o eşq-məhəbbət.
Aramızdan bir sərhəd –
Cızdın mənə ev tikdin.
Nə dərd oldun, nə dərman,
Nə haqq oldun, nə fərman.
Hərəmizə bir ünvan,
Yazdın mənə ev tikdin.
Özünə alışdırıb,
Talehlə barışdırıb,
Ağlımı qarışdırıb,
Sözdən mənə ev tikdin.
GEC DÖNÜRSƏN
Arzuların tanışdı.
Hər gün yolda görürəm.
Hər gün sizin qapıya,
Xəyallarda gəlirəm.
Nə qonaq saxlayırsan,
Nə də ki, get deyirsən.
Niyə mənim qəlbimə,
Hamıdan gec dönürsən?
Öz kölgəndə böyüyüb,
Öz arzunda sönürsən.
Ürəyimin qapısını,
Oğrun-oğrun döyürsən.
Yuxularımın qapısı
Açıq qalır üzünə.
Yuxuma yuxulu gəlibsən.
Su iç, bir gəl özünə.
O QIZIN SEVDASI
Əzablarım dözmədi,
Canımın ağrısına.
Kimim var gəlib qala,
Dərdimin qayğısına.
Ömrümü vərəq-vərəq,
Vərəqlədi bu sevgi.
Dost, düşmənin içindən
Soraqladı bu sevgi.
İndi pərəsəng düşüb
Dərdim eşqin əlindən.
Asılıb qalıb elə –
Hər cəfası qəlbimdən.
Unuduram hər şeyi
Hər şey bəhanəm mənim.
O qızın sevdası da
Kəsilib dərdə qənim.
Qalib Şəfahətin